Nəvəsinin qolundan tutan qarı çətinliklə yeriyirdi. Örpəyi ilə üzünü şaxtadan, soyuq küləkdən qorumağa çalışırdı. Məzarlığa yaxınlaşdıqca qarı bir neçə dəfə dayanıb nəfəsini dərdi. O fikrə daldı. O zaman onun 6 yaşı var idi. Yaz ayı idi. Birdən hay-küy, fəryad səsləri qopdu. Dedilər ermənilər gəlib, camaatı qırır, evləri yandırır. Birdən qapı zərblə açıldı. Silahsız atasını tüfəngli ermənilər həyətə çıxardılar. Ermənilərin evi qarət etmək üçün geri dönməsindən istifadə edən ata qızını təndirxanada gizləməyə macal tapdı. Sonra ermənilər atanı güllələdilər. Ana və qucağındakı balaca qızı evdən çıxardılar. Ermənilərdən biri balaca qızın sinəsindəki medalyona baxıb soruşdu: “Qızıldır?” Sonra öz-özünə donquldandı: “Yox ara, bu misdi ki”. Evi yandıran ermənilər ananı və balaca qızı döyə-döyə apardılar. 6 yaşlı qız bir daha anasını və balaca bacısını görə bilmədi.
Qarı kədərli xəyaldan ayrıldı. Artıq məzarlığa çatmışdılar. Məzarlıq başdan-başa insan skeletləri ilə dolu idi. Sümüklər sübut edirdi ki, buradakı insanlar çox dəhşətli işgəncələrlə qətlə yetiriliblər. Skeletlərdən birinin qolları arasına kiçik skeletin sığındığını görmək mümkün idi. Bəlkə də, onlar ana və körpəsinin skeletləri idi. Qarı bu skeletlərə yaxınlaşdı. Uşaq skeletinin boynunda medalyon var idi. Qarı mis medalyona baxdı. Sonra ağlamağa başladı və pıçıltı ilə dedi: “Bu, bacımın medalyonudur”.