Kişiləri, qadınları və qocaları diri-diri yandırırdılar. Körpələri süngüyə keçirirdilər. Azğınlaşmış ermənilər müqəddəs kitabımız olan «Qurani- Kərim»i toplayıb tonqallar qalayır, müsəlmanların əl-qolunu bağlayaraq diri-diri bu tonqallara atırdılar. Şəhərin mərkəzində Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi teatr binası, ziyalıların tez-tez toplaşdığı «İsmailiyyə» adlı bina yandırıldı. «Təzə Pir» məscidinin minarəsi top atəşi ilə dağıdıldı.
Bakıda Azərbaycan türklərinə və bütün müsəlmanlara qarşı soyqırımı* martın 30-dan aprelin 2-nə qədər davam etdirildi. Burada 12 mindən çox günahsız, dinc müsəlman əhali, o cümlədən uşaqlar, qadınlar, qocalar qətlə yetirildi.
1918-ci il mart soyqırımı yalnız Bakıda olmamışdı. Vətənimizin Şamaxı, Quba, Lənkəran, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Göyçay və digər bölgələrində də müsəlman əhalisinə, hətta yəhudilərə qarşı da qırğınlar təşkil olunmuşdu.
...Qubada şaxtalı qış günlərindən biri idi. Qudyalçayın sahili ilə üzüyuxarı, kütləvi məzarlığa doğru iki nəfər addımlayırdı. Biri qoca qarı, digəri isə onun nəvəsi olan cavan bir oğlan idi.
*Soyqırımı — bir milləti, xalqı məhv etmək