Gecəyarısı Andranikə xəbər çatdırılır ki, Qarabağa göndərilən silah yüklü karvan Sultan bəyin dəstəsinin əlinə keçib. O, ordusuna geri çəkilmək əmri verir, lakin gec idi. Erməni ordusu geri dönüb Zabıx adlı dərədən qayıtmaq istərkən Sultan bəyin dəstələri erməni qoşununu mühasirəyə alıb dərəni qabaqdan və arxadan kəsdilər. Düşmənlər qəflətən hər tərəfdən hücuma məruz qaldılar. Birgünlük qanlı döyüşdə düşmənin təxminən 5 minlik qoşunu məhv edildi. Silahsız insanları: qocaları, qadınları və körpələri vəhşicəsinə qətlə yetirən daşnaklar* cəzalandırıldı. Həmin gündən Zabıx dərəsi xalq arasında “Qanlı dərə” adlandırıldı.
Döyüşdə, demək olar ki, Andranik bütün qoşununu itirir. Çıxış yolu tapmadıqda bir keşişi öldürür və onun paltarını geyinir. İki kiçik uşağı da yanına alaraq, guya, onları döyüş meydanından çıxarmaq bəhanəsi ilə qaçır. O, yaxşı bilirdi ki, azərbaycanlılar uşaqlara, qocalara və qadınlara toxunmurlar.
*Daşnaklar — ermənilərin terrorçu təşkilatının üzvləri