Bütün Zəngəzur qəzasının müsəlman əhalisini ayağa qaldırmış, silah toplamış və əhaliyə paylamışdı. Xalqın varlı adamlarına silah aldırmış, yerli camaatdan qoşun yaradıb, onlara hazırlıq keçmişdi. Dinc vaxtlarda sərhədlərin təhlükəsizliyi üçün ermənilərin yaşadığı kəndlərə yaxın yerdə mühafizə məntəqələri yaratmışdı. Qoşunda güclü nizam-intizam yaratmaqla Sultan bəy bir çox qələbələr qazanmışdı.
Andranik Sultan bəyin qorxusundan Qarabağa keçə bilmirdi. Dəfələrlə hiyləyə əl atsa da, onun məkrli məqsədi baş tutmamışdı. Hətta məktubla müraciət edərək, guya, Dərbəndə getmək, orada rus qoşunlarını Qafqaza buraxmamaq üçün Qarabağa keçmək arzusunu bildirmiş və bunun əvəzində qızıl verməyi vəd etmişdi. Sultan bəy düşmənə belə bir cavab göndərmişdi: “Türk hərbi adı “Paşa” sizə yaraşan ad deyil. O ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə ermənisiz. Onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar”.
Sultan bəy Rusiyada hərbi akademiyada təhsil almışdı. O, mükəmməl hərbi biliyə malik idi. Zəngəzurda erməni qoşunlarının məğlub edilməsində “Dağlarda tufan”, “Zərbə dalınca zərbə”, “Qəflətən hücum”, “Nalşəkilli mühasirə” və başqa taktikalardan böyük ustalıqla istifadə etmişdi.
Bir gün ermənilərin Şuşaya gedən silah-sursat karvanı azərbaycanlı könüllülər tərəfindən yaxalanır. Bütün silahlar ələ keçirilir.