Üsyançıların hərbi qüvvələrini nizama salmaq və möhkəmləndirmək üçün hərbi şura yaradıldı. Şuraya Səttar xan və Bağır xan başçılıq edirdilər. Təbriz alınmaz qalaya çevrilmişdi. Bunu görən şah özünün, az qala, bütün hərbi qüvvələrini Təbrizə yeritdi.
Şah qoşunları Təbrizi mühasirəyə aldı. Təbrizlilər qəhrəmanlıqla vuruşurdular. Qadınlar da kişilərlə bir yerdə döyüşürdülər. Bir il keçdikdən sonra şah hökumətinin dəvəti ilə Səttar xan və Bağır xan 100 nəfərlik fədai dəstəsi ilə Tehrana* gəldi. Hökumət xalqdan qorxaraq açıq vuruşma yolu ilə onları tərk-silah etməyə cəsarət göstərmədi. Buna görə də onlar hiyləyə əl atdılar. Gecəyarısı yuxuda olan Səttar xanın və fədailərin üzərinə basqın etdilər. Döyüş zamanı Səttar xan ağır yaralandı.
Ədalət və azadlıq uğrunda mübarizə aparan şanlı qəhrəmanlar sırasında Səttar xan xüsusi yer tutur. Xalqımız Səttar xana dastan və nəğmələr qoşmuşdur. Onun şərəfinə bədii əsərlər — roman və şeirlər yazılmışdır. Təbrizdə Səttar xana abidə qoyulmuşdur. Şəhərin küçələrindən birinə onun adı verilmişdir. Səttar xanın əziz xatirəsi, yenilməz mübarizə ruhu xalqımızın qəlbində əbədi yaşayır.
*Tehran — İranın paytaxtı