Sabirin böyük arzularından biri də gənc nəslə yaxşı təlim-tərbiyə vermək idi. Axı o həm də müəllim idi. Şair azərbaycanlı uşaqların dünyanın başqa ölkələrindəki uşaqlardan geri qalmasına dözə bilmirdi. Böyük şair Şamaxıda məktəb də açmışdı. Məktəbə “Ümid” adı vermişdi. Bu məktəb dövrünün ən yaxşı təhsil ocaqlarından biri idi. Burada dərs yeni üsulla keçilirdi. Şagirdlərə dünya haqqında, həyat barədə doğru-düzgün məlumatlar verilirdi. Uşaqlar elmlər haqqında həqiqi biliklərə yiyələnirdilər. Lakin nadanların fitnə-fəsadı ilə məktəbi bağladılar.
Cahillər, nadanlar tərəfindən təqib olunan Sabir Bakıya gəldi. Balaxanı məktəbində müəllim işlədi. Şairin dillər əzbəri olan “Yaz günləri”, “Uşaq və buz”, “Cütçü” və başqa şeirləri müəllimlik illərinin yadigarıdır. Mirzə Ələkbər Sabir 1911-ci ildə Şamaxıda vəfat etmişdir. Sabir bu gün də bütün xalqımız, o cümlədən uşaqlar tərəfindən ən çox sevilən şairlərdən biridir.