Azıx mağarasında tapılmış ən qiymətli nümunə qədim insanın alt çənə sümüyüdür. Çənə sümüyü 1968-ci ildə Məmmədəli Hüseynovun başçılığı ilə Azərbaycan arxeoloqları* tərəfindən aşkar edilmişdir. Alimlərin fikrincə, bu çənə sümüyü 18—22 yaşlı qadına aiddir. Həmin insan yaşadığı mağaranın adına uyğun olaraq, «Azıx adamı» adlandırılmışdır. «Azıx adamı» sübut edir ki, Azərbaycan ən qədim insanların yaşayış məskəni olmuşdur. Bu tapıntıya görə Azərbaycan «Avropanın ən qədim sakinləri» xəritəsinə daxil edilmişdir. Həmin alt çənə sümüyü qiymətli eksponat* kimi Milli Azərbaycan Tarixi Muzeyinin xüsusi fondunda saxlanılır.
*Arxeoloq — qədim maddi-mədəniyyət nümunələrini öyrənən alim
*Eksponat — muzeydə nümayiş olunan nümunə