Qori* Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Naxçıvanın Baş Noraşen və Nehrəm kəndlərində müəllimlik etmişdi. Doğma xalqının güzəranı, dərdləri ilə yaxından tanış olan Cəlil Məmmədquluzadə onun halına ürəkdən yanırdı. Xalqına kömək etmək üçün yollar və vasitələr axtarırdı. Ədibin “Danabaş kəndinin əhvalatları” povesti, “Poçt qutusu”, “Usta Zeynal” hekayələri, “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” dramlarında Azərbaycan xalqının milli-mənəvi oyanışı və dirçəlişi məsələləri öz əksini tapmışdır.
Bundan başqa, o özü kimi maarifpərvər ziyalıları ətrafına toplayıb jurnal nəşr etməyi qərara aldı. Bu, Azərbaycan xalqını oyanışa, elmə, biliyə səsləyən “Molla Nəsrəddin” jurnalı idi. Bu jurnal Tiflisdə, Təbrizdə və Bakıda nəşr edilmişdi. “Molla Nəsrəddin” güldürə-güldürə düşündürən bir jurnal idi.
Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” adını özünə təxəllüs götürmüşdü. Bu adın özünün də böyük mənası, əhəmiyyəti vardı. Molla Nəsrəddin qədim dövrlərdən bəri Şərqdə müdriklik, hazırcavablıq nümunəsi, gülüş rəmzi idi.
“Molla Nəsrəddin” jurnalı qadın azadlığı məsələlərinə xüsusi fikir verir, qadınların müdafiəçisi kimi çıxış edirdi. O, qızların təhsilinin qayğısına qalırdı. Onların savadlanmasına çalışırdı.
“Molla Nəsrəddin” jurnalı doğma dilimizə qəsd edənləri, onu yad sözlərlə zəhərləyənləri həmişə tənqid etmişdir. Jurnalın nömrələrinin birində verilmiş şəkildə bir neçə nəfər bir azərbaycanlını yerə yıxıb zorla özgə dilləri onun ağzına soxmağa çalışır. Şəklin altında yazılmışdır: “Ay qardaşlar, mən dilsiz yaranmamışam. Öz dilim var, niyə özgə dilləri soxursunuz ağzıma?”
*Qori — Gürcüstanda şəhər