1901-ci ildə Bakıda Tağıyevin vəsaiti hesabına tikilən qızlar məktəbi açıldı. Bu bina İstiqlaliyyət küçəsində indi də mövcuddur. Məktəbin açılmasına nail olmaq üçün Hacı Zeynalabdin Tağıyev müxtəlif maneələri aradan qaldırmalı olmuşdu.
H.Z.Tağıyev özünün açdığı bu məktəbdə azərbaycanlı qızların savadlanmasına, dünyəvi elmlərlə, əcnəbi dillərlə yanaşı, Azərbaycan dilinin öyrənilməsinə də xüsusi fikir verirdi.
Sonralar Tiflisdə də belə bir məktəbin açılmasına Tağıyev öz köməkliyini göstərmişdi. Bu məktəblərin təsiri altında sonralar Qazax, Quba, Lənkəran, Dərbənd, Naxçıvan şəhərlərində də müsəlman qızları üçün məktəblər açıldı.
19-cu yüzillikdə Azərbaycanda teatr yaradıldı. Lakin teatrın inkişafında çətinliklər vardı. Bunlardan ən başlıcası teatr binasının olmaması idi. Hacı Zeynalabdin Tağıyev Bakının mərkəzində öz torpaq sahəsində gözəl bir teatr binası tikdirdi. Sonralar ilk Azərbaycan operası «Leyli və Məcnun» məhz bu teatrda tamaşaya qoyuldu.
Xeyriyyəçilik | Sahibkarlıq |