Tağıyev öz vəzifəsini təkcə pul qazanmaqla bitmiş hesab etmirdi. O bu puldan, topladığı sərvətdən öz xalqının xeyrinə ağılla istifadə edirdi. Heç bir təmənna ummadan xalqın xeyrinə çoxlu işlər gördüyünə görə ona “xeyriyyəçi” deyirlər. Öz xeyriyyəçilik fəaliyyətinə görə Tağıyev o zaman yalnız Azərbaycanda deyil, demək olar ki, bütün dünyada seçilən adamlardan biri idi.
H.Z.Tağıyev doğma xalqının övladlarına, istedadlı gənclərinə savad vermək üçün əlindən gələn köməyi etməyə çalışırdı. O, istedadı olan yetim və yoxsul uşaqlara müntəzəm olaraq qayğı göstərirdi. Hacı Zeynalabdin Tağıyev Mərdəkan qəsəbəsində yoxsul uşaqları üçün internat-məktəb tikdirmişdi. Maddi imkanları məhdud olan azərbaycanlı gənclərin təhsilinin qayğısına qalmağı özünün mənəvi borcu bilirdi. Onun maddi yardımı ilə təhsil alanların arasında çoxlu görkəmli Azərbaycan ziyalısı var idi.
Hacı Zeynalabdin Tağıyev çar hökumətinin bütün maneələrinə baxmayaraq, Bakıda böyük toxuculuq fabriki açmışdı. Nəticədə, bir çox adam işlə təmin edildi. O zaman bu fabrik Azərbaycanda yeganə idi.