Zeynalabdin bənnalıq sənətinə yiyələndi və müstəqil usta kimi işləməyə başladı.
Bir qədər pul yığdıqdan sonra dükan açıb ticarətlə məşğul olmağa başladı. Sonra o, ağ neft istehsal edən kiçik bir zavod aldı. Bu işdəki uğurları onda neft işinə həvəsi daha da artırdı. Bibiheybətdə aldığı torpaq sahəsində neft quyusu qazdırmağa başlamışdı.
Onun səyi, nəhayət ki, öz bəhrəsini verdi, çoxdan gözlədiyi neft fontan vurdu. Tağıyev çox keçmədən Bakının ən varlı adamlarından biri oldu.
Qazdırdığı quyular neft verdikcə onun var-dövləti də artdı. Tağıyevin Bibiheybətdə və Balaxanıda neftli torpağı, neft məhsulları daşımaq üçün gəmiləri, Rusiyanın bir neçə şəhərində anbarları, zavodları, Xəzər dənizi və Kür çayı sahillərində böyük balıq vətəgələri* var idi.*Balıq vətəgələri — çay, göl və dəniz balıqlarını ovlamaq, onları saxlamaq, çoxaltmaq üçün məntəqə, müəssisə