Həmin dövrdə Azərbaycan dilində qəzet çap etmək səyi çox cəsarətli fikir idi.
Çar hökumətinin maneələrini dəf edərək Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də «Əkinçi» adlı milli qəzetin çap olunmasına nail oldu. Beləliklə, Azərbaycan milli mətbuatının əsası qoyuldu.
Qəzetin «Əkinçi» adlanması təsadüfi deyildi. Onun səhifələrində kənd təsərrüfatına aid məqalələr, kəndlilərin təsərrüfat həyatına faydalı olan məlumatlar çap olunurdu. Həsən bəy mətbuatın vasitəsilə xalqımıza milli ənənələri qorumağı, milli oyanışı və milli birliyi təbliğ edirdi. «Əkinçi»nin ana dilində nəşr edilməsi həm də dilimizin qorunmasına xidmət göstərirdi.
Qəzetin Azərbaycan dilində çap olunması çar hökumətini narahat edirdi, çünki bu Azərbaycan xalqının milli şüurunun oyanmasına təsir göstərirdi. Siyasi məsələlərlə bağlı məqalələrin dərc edilməsi və Rusiya—Osmanlı müharibəsinin başlanması 1877-ci ildə “Əkinçi” qəzetinin bağlanmasına səbəb oldu. Bütün təqiblərə baxmayaraq, Həsən bəy Zərdabi xalqın savadlanması uğrunda fəaliyyətini dayandırmadı. O, başqa qəzetlərdə elmin, təhsilin inkişaf yolları haqqında fikirlərini bəyan edirdi. Sonralar Azərbaycan dilində digər qəzetlər və jurnallar çap olundu. Bu gün ana dilimizdə yüzlərlə qəzet və jurnal vardır, lakin Azərbaycan mətbuatının tarixi məhz “Əkinçi”dən— 1875-ci ildən başlayır.
Hər il iyul ayının 22-də milli mətbuatımız öz ad gününü qeyd edir. Uzun illər öncə məhz həmin gün ilk qəzetimiz olan ‘‘Əkinçi” dünyaya gəldi.