Azıx mağarasından mağara ayısının, kərgədanın, atın, maralın, qabanın və digər vəhşi heyvanların sümükləri tapılmışdır. Onlar qədim insanlar tərəfindən ovlanmışdı. Bu heyvan sümükləri və dişləri göstərir ki, qədim dövrdə indikindən qat-qat nəhəng heyvanlar mövcud olmuşdur.
Azıx mağarasında yaşayan insanların istifadə etdikləri daş alətlər isə onların əmək fəaliyyəti haqqında danışmağa imkan yaradır. Bu alətlər adi çay daşlarından düzəldilirdi. Qədim insanlar onlardan ovladıqları heyvanı kəsmək, doğramaq üçün istifadə edirdilər.
Azıx mağarasında ocaq izləri də aşkar edilmişdir. Qədim insanlar ilk vaxtlar odun köməyi ilə isinir, yemək bişirir və heyvanlardan qorunurdular. Odu əldə etmək çətin olduğundan onlar ocağı sönməyə qoymurdular. Qədim insanlar başa düşürdülər ki, odu qorumaq lazımdır, çünki od onların həyatını bir çox çətinliklərdən qoruyurdu. Zaman keçdikcə insanlar od əldə etməyi də öyrəndilər. Onlar quru ağac parçalarını və çaxmaq daşlarını bir-birinə sürtərək ocaq yandırırdılar.