Mirzə Fətəli Axundzadə Tiflisdə müəllimliklə də məşğul olur. O, Tiflis qəza məktəbində Azərbaycan və fars dillərindən dərs deyir. Dövrünün savadlı insanlarından biri olduğu üçün ona “Mirzə” deyə müraciət etməyə başlayırlar.
Mirzə Fətəli Axundzadə Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. O, yazdığı komediyalarla Azərbaycan ədəbiyyatında yeni bir mərhələnin başlanğıcını qoydu. Cəmiyyətdə hökm sürən çirkin xüsusiyyətlər Mirzə Fətəlinin tənqid atəşinə tuş gəlirdi. Onun əsərləri həm güldürür, həm də düşündürür. Azərbaycanda milli teatrın əsası 1873-cü ildə məhz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri xani Lənkəran” (Lənkəran xanının vəzirinin sərgüzəştləri) komediyası ilə qoyulmuşdur.
Mirzə Fətəli Axundzadə həm də islam dünyasının ilk əlifba islahatçısıdır. Mirzə Fətəli düşünürdü ki, ərəb əlifbasının çətinlikləri xalqın savadlanmasını ləngidir. O, latın əlifbası əsasında yeni bir Azərbaycan əlifbası tərtib etmişdi. Bu əlifbanı öyrənmək asan idi. Ərəb əlifbasının tərəfdarları Mirzə Fətəlinin tərtib etdiyi əlifbanın qəbul edilməsinə yol vermədilər.
*Qəza məktəbi — 19-cu əsrdə inzibati bölgü vahidi olan qəzalarda yaradılan ibtidai məktəb