§ 31. MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
Belə bir Azərbaycan kinofilmi var — «Dərviş Parisi partladır». Komediya janrında çəkilmiş bu filmdə Parisdən Qarabağa gəlmiş fransız alimi — Müsyö Jordan haqqında və onun Azərbaycana olan marağından söhbət açılır. Dərman bitkiləri toplayan bu alim Azərbaycanın zəngin təbiətinə valeh olur. Qarabağda bir bəyin evində qonaq olan Müsyö Jordan Azərbaycan xalqının adət-ənənələri ilə də tanış olur. Hadisələrin gedişi elə məqama çatır ki, Müsyö Jordan bəyin qardaşı oğlunu özü ilə Firəngistana, yəni Fransaya oxumağa aparmaq istəyir. Lakin oğlanın qohumları buna qarşı çıxırlar. Gənc oğlan təhsil almaq istəyindən vaz keçmədikdə, cahil qohumlar cadugərə müraciət edirlər.
Dərviş Məstəli şah adlı cadugər çoxlu pul əvəzində, guya, Parisi «partladır». Elə bu zaman Parisdən Müsyö Jordana məktub gəlir ki, Parisdə inqilab* baş vermişdir. Təsadüf nəticəsində bu çevrilişlə dərvişin «partlayışı» eyni vaxtda baş verir. Beləliklə, alim məyus halda öz ölkəsinə geri qayıtmalı olur. Gənc oğlan isə arzusuna çata bilmir.
Bu film Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və dərviş Məstəli şah” əsəri əsasında çəkilmişdir. Göründüyü kimi, əsərdə Qərbin elmə marağı qarşısında Şərqin cəhaləti yumor diliylə tənqid olunur. Tənqid və gülüşü özündə birləşdirən komediya əsərlərinin Azərbaycanda ilk yaradıcısı Mirzə Fətəli Axundzadə olmuşdur.
Mirzə Fətəli Axundzadə 1812-ci ildə Şəkidə anadan olmuşdur. Kiçik yaşlarında Fətəli Gəncədə molla yanında şagird olur.
*İnqilab — dövlət quruluşunun köklü dəyişdirilməsi, çevriliş