Azərbaycan alimləri içərisində Mirzə Kazım bəyin də xüsusi yeri var. O, 19-cu yüzilliyin dünya şöhrətli alimlərindən biridir. Mirzə Kazım bəy uşaqlıqdan mükəmməl təhsil almışdı. Ərəb dilini, Quranı öyrənmişdi. Hələ on yeddi yaşında ikən ərəb dilinin qrammatikasına dair kitab yazmışdı.
Gənc yaşlarından Rusiyanın müxtəlif universitetlərində fəaliyyət göstərən Mirzə Kazım bəy Azərbaycan və digər Şərq xalqlarının tarixi, ədəbiyyatı haqqında elmi əsərlər yazmışdır. Rusiyada Şərq ölkələri xalqlarının dillərinin qayda-qanunları haqqında ilk əsəri Mirzə Kazım bəy yazmışdı. Beləliklə, o, Rusiyada yeni bir elm sahəsinin — şərqşünaslığın* əsasını qoydu.
Mirzə Kazım bəy islam dininə aid əsər də yazmışdır. O dövrün Rusiya mətbuatında əsər belə dəyərləndirilirdi: “Bu əsərə görə həm islam aləmi, həm də bu aləmi tədqiq edən bütün ölkələrin şərqşünasları Kazım bəyə yüksək dərəcədə minnətdardır”.
Mirzə Kazım bəyin, demək olar ki, bütün əsərləri ingilis, fransız dillərinə tərcümə olunmuş, Londonda, Parisdə çap edilmişdi. O, bir çox başqa ölkələrin elmlər akademiyaları və elmi cəmiyyətlərinə üzv seçilmişdi. Mirzə Kazım bəy üç dəfə Rusiya Elmlər Akademiyasının yüksək mükafatına layiq görülmüşdü. İngiltərə kraliçası Mirzə Kazım bəyi qızıl medalla mükafatlandırmışdı.
Mirzə Kazım bəyin tarixçi kimi fəaliyyəti də diqqətəlayiqdir. O, ərəb, fars, Azərbaycan, Qafqaz, Mərkəzi Asiya xalqlarının qədim və orta əsr tarixinə aid əsərlər yazmışdır. Böyük alim bu əsərləri ilə Rusiyada tarix elminin inkişafında mühüm rol oynamışdı.
*Şərqşünaslıq — Şərq ölkələrinin tarixini, mədəniyyətini və s. öyrənən elm