AZƏRBAYCAN QƏDİM DÖVRDƏ
§ 2. AZƏRBAYCANIN ƏN QƏDİM İNSAN MƏSKƏNİ -
QARABAĞ
Vətənimizin zəngin təbiəti, heyvanlar və bitkilər aləmi, bulaqları və mağaraları qədim insanların yaşaması üçün olduqca əlverişli idi. Ölkəmizdə qədim insanların izləri qalmış bir çox mağaralar vardır.
Mağara müxtəlif təbiət hadisələri zamanı dağların içərisində yaranmış boşluqdur. Bu boşluğun girişi olur. Belə yerlər qədim insanların həm sığınacaq, həm də yaşayış yeri olurdu. Mağaralar insanları yağışdan, küləkdən, soyuqdan, vəhşi heyvanların hücumundan qoruyurdu. İnsanlar ovladıqları vəhşi heyvanları mağaralarda bişirib yeyir, topladıqları bitkilərlə qidalanırdılar.
Azərbaycanda insanların yaşadığı ən qədim mağara Azıx mağarasıdır. Bu mağara dünyanın ən qədim insan məskənlərindən biridir.
Azıx Qarabağın erməni ordusu tərəfindən işğal edilən Füzuli şəhəri yaxınlığında, Xocavənd rayonu ərazisində yerləşir. Alimlər burada qədim insanların necə yaşadıqlarını göstərən maraqlı tapıntılar aşkar etmişlər.