Hərbi təchizat və say üstünlüyü ruslara müharibənin gedişində dönüş yaratmağa imkan verdi.
Rus qoşunları 1827-ci ildə Naxçıvanı və İrəvanı işğal etdi. Qacarların qoşunu geri çəkildi. Bundan istifadə edən rus qoşunları Araz çayını keçərək Təbrizi, Urmiyanı və Ərdəbili işğal etdi. Bir rus generalına Ərdəbildəki Şeyx Səfi məqbərəsindəki kitabxananı ələ keçirmək əmri verildi. Kitabxana qiymətli və nadir əlyazmalarla zəngin idi. General başa düşürdü ki, kitabların aparılması əhalinin qəzəbinə səbəb ola bilər. Buna görə də o, hiyləyə əl atdı. Əvvəlcə müsəlmanlara, onların müqəddəs yerlərinə hörmət bəslədiyini camaata göstərmək istədi. Məqbərəyə böyük və gözəl bir xalı bağışladı. Onu elə o dəqiqə məqbərəyə sərdilər. Bundan sonra nüfuzlu din xadimlərini yanına çağırtdırdı. Onlara bildirdi ki, çar hökuməti öz müsəlman əhalisinin təhsili üçün Şərqin məşhur alimlərinin kitablarına ehtiyac duyur. Buna görə Şeyx Səfi kitabxanasındakı nadir kitabların bir hissəsinin Peterburqa göndərilməsinə icazə istədi. General bildirdi ki, kitabların surəti çıxarıldıqdan sonra mütləq geri qaytarılacaqdır. Kitablar rus əsgərlərinin mühafizəsi altında əvvəlcə Tiflisə gətirildi. Oradan da Rusiyaya göndərildi. Kitabları verənlər də, bu haqda eşidən sadə adamlar da inanırdılar ki, kitabların üzü, doğrudan da, köçürüldükdən sonra geri qaytarılacaqdır. Onlar bunun hiylə və qarət olduğunu uzun müddət başa düşməmişdilər.
1828-ci il fevralın 10-da Cənubi Azərbaycanda — Türkmənçay kəndində sülh müqaviləsi imzalandı. Naxçıvan və İrəvan xanlıqları da Rusiyanın əsarəti altına düşdü. Ölkəmizin və xalqımızın parçalanması rəsmiləşdirildi. Azərbaycanın Araz çayından şimaldakı bütün torpaqları Rusiya tərəfindən işğal olundu. Vətənimiz müstəqilliyini itirdi. Türkmənçay müqaviləsi yalnız Azərbaycanı və xalqımızı bölmədi. Bu müqavilə sonrakı faciələrimizin də başlanğıcını qoydu.
Rusiya hökuməti özünə dayaq yaratmaq üçün erməniləri Azərbaycan torpaqlarına köçürdü. 1828-ci il martın 21-də — Novruz bayramı günündə çarın fərmanı ilə Naxçıvan və İrəvan torpaqlarında qondarma “erməni vilayəti” yaradıldı.