Böyük bir imperiyanın güclü ordusu ilə təkbətək qalan kiçik Azərbaycan xanlıqları bir-birinin ardınca işğal edilirdi. İşğalın qarşısını almaq məqsədilə Azərbaycanın cənubundakı Qacarlar dövləti Rusiya imperiyasına müharibə elan etdi. Hərbi qüvvələrin sayı və silahların üstünlüyü Rusiyanın qalib gəlməsinə səbəb oldu.
1813-cü il oktyabrın 12-də Qarabağda Gülüstan kəndində Qacarlar dövləti ilə Rusiya imperiyası arasında sülh müqaviləsi imzalandı. Azərbaycan torpaqlarının parçalanmasının başlanğıcı qoyuldu. Azərbaycanın Gəncə, Qarabağ, Şəki, Şamaxı, Bakı, Quba, Dərbənd və Lənkəran xanlıqları Rusiya imperiyası tərəfindən işğal edildi. Xalqımız və torpaqlarımız bölündü.
Gülüstan müqaviləsi çox ədalətsiz və amansız idi, çünki xalqımızın və torpaqlarımızın bölünməsi tariximizin, sevincimizin, taleyimizin və mədəniyyətimizin bölünməsi idi.
Gülüstan müqaviləsindən sonra Rusiya imperiyası yeni torpaqlar işğal etmək istəyirdi. Əslində, onun niyyəti Naxçıvan və İrəvan da daxil olmaqla qədim Azərbaycan torpaqlarının hamısını, o cümlədən Azərbaycanın cənub torpaqlarını da işğal etmək idi. Qacarlar dövləti və Azərbaycanın bir sıra xanları isə Rusiya tərəfindən işğal edilmiş torpaqları azad etmək istəyirdilər. Xalq yadelli işğalı ilə barışmaq istəmir, müqavimət göstərirdi.
Bütün bunların nəticəsində Rusiya və Qacarlar dövləti arasında 1826-cı ildə yeni müharibə başlandı. Müharibənin ilk dövrü Qacarlar dövləti üçün uğurlu oldu. Gəncə və bəzi ərazilər azad edildi.