§ 29. AZƏRBAYCANIN PARÇALANMASI
Xanlıqlar arasında tez-tez münaqişələr, müharibələr baş verirdi. Bu, ölkəmizi işğal etməyə çalışan xarici düşmənlər üçün əlverişli şərait yaradırdı.
Bəzi uzaqgörən xanlar bütün Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirməyə çalışdılar. Şəki, Urmiya, Qarabağ və Quba xanlıqlarının Azərbaycan torpaqlarını birləşdirmək siyasəti uğursuz oldu. Xanlıqlar arasında düşmənçilik və qonşu dövlətlərin müdaxiləsi vahid dövlətin yaranmasına mane olurdu. Bundan istifadə edən Rusiya Azərbaycan torpaqlarını işğal etmək planını həyata keçirməyə başladı. Bu planı 18-ci yüzilliyin əvvəllərində Rusiya çarı I Pyotr hazırlamışdı, lakin o zaman xalqımız böyük sərkərdə Nadir xan Əfşarın başçılığı ilə bu planın qarşısını almışdı. İşğalçıların planı baş tutmamışdı, çünki bu zaman xalqın birliyi və vahid dövlətimiz mövcud idi.
19-cu yüzilliyin əvvəllərində isə Azərbaycanda vahid dövlət artıq mövcud deyildi. Bu, çar Rusiyasının işğalına şərait yaradırdı.