1804-cü ilin yanvarında çar Rusiyasının ordusu Gəncə üzərinə həlledici hücuma keçdi. Gəncəlilər qəhrəmancasına vuruşurdular. Kişilərlə bərabər, qadınlar da vətən uğrunda döyüşürdülər. Cavad xan əlində qılınc qala divarlarının üzərində çar əsgərləri ilə igidliklə vuruşurdu. Sonra rus generalı Cavad xanla təkbətək vuruşmağa başladı. O, igid xanın qılınc zərbələrinə çox davam gətirə bilməyəcəyini başa düşdü. Əsgərləri köməyə çağırdı, özü isə qaçmaqla canını qurtara bildi. Böyük itki verən çar Rusiyasının qoşunu geri çəkilməyə məcbur oldu.
Geri çəkilən rus qoşunu qəti hücum üçün Ramazan bayramı gününü seçdi. Qüvvələr bərabər deyildi. Çar Rusiyasının qoşunu sayca dəfələrlə çox, hərbi texnika baxımından üstün idi. Rus qoşunları şəhərə daxil oldu. Çox keçmədən şəhərin küçələrində döyüş başlandı. Hər ev, hər küçə səngərə çevrilmişdi. Düşmənə inadla və qəhrəmancasına müqavimət göstərilirdi. Cavad xan və oğlu döyüş meydanında şəhid oldu. Bundan sonra şəhər işğal edildi. Rusiya qoşunları ermənilərlə birləşərək Gəncənin azərbaycanlı əhalisinə qarşı soyqırımı törətdi.