Şəhəri xarabaya çevirəndən sonra düşmən ikinci dəfə hücuma keçdi. Qalanın bir hissəsi zəbt edildikdən sonra ruslar şəhəri ələ keçirməyə nail oldular.
Beləliklə, İrəvan xanlığı Rusiya tərəfindən işğal olundu. Çar hökuməti erməniləri kütləvi şəkildə İrəvana və onun ətrafına köçürərək məskunlaşdırdı. Azərbaycan türklərinin ən yaxşı torpaqları və evləri ermənilərə verildi. Məqsəd Azərbaycan və Osmanlı türkləri arasında maneə yaratmaq, onları bir-birindən ayırmaq, bir daha birləşməyə qoymamaq idi. Türk—Azərbaycan adlarını erməniləşdirməyi və riyakarlığı özlərinə peşə etmiş ermənilər bu qədim Azərbaycan şəhərinin adını da dəyişdirdilər. “Erivan”, yaxud “Yerevan” adlandırmağa başladılar. Rusiya çarının fərmanı ilə qədim türk torpağında “erməni vilayəti” adlı yabançı bir qurum yaradıldı. Beləliklə, qədim Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisi çar Rusiyası tərəfindən ermənilərə verildi.
Çar hökumətinin süqutundan sonra, 1918-ci ildə bu torpaqlarda erməni dövləti yaradıldı. Xanlığın ərazisindəki bütün Azərbaycan— türk adlarının da kütləvi surətdə dəyişdirilməsinə başlandı. Hazırda keçmiş İrəvan xanlığının ərazisində nə bir nəfər Azərbaycan türkü, nə də Azərbaycan yer adları qalmışdır.