İrəvan şəhəri Azərbaycanın ən mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri idi.
Gürcü çarı xanlığın ərazisinə dəfələrlə hücum etmişdi. Bu hücumlar zamanı xanlığın ərazisi qarət edilmiş, bir çox ailələr əsir aparılmışdı.
19-cu yüzilliyin əvvəllərində Rusiya və Qacarlar dövləti arasında birinci müharibə zamanı ruslar İrəvan üzərinə iki dəfə yürüş etdilər. Hər iki yürüş zamanı xanlığın ərazisində özlərinə dövlət yaratmağa çalışan ermənilər xüsusi fəallıq göstərdilər. Ermənilər təbəələri olduqları və hər zaman qayğı gördükləri dövlətə yenə xəyanət etdilər. Onlar İrəvan xanının qoşunları və mövqeləri haqqında məlumatı rus qoşunlarına verirdilər. Ermənilər həm də rus qoşunlarını ərzaqla təmin edirdilər. Bu müharibədə İrəvan xanlığı öz müstəqilliyini qoruyub saxlaya bildi.
1827-ci ilin yazında ruslar İrəvan qalasını əvvəlcə mühasirəyə aldılar. Görkəmli Azərbaycan sərkərdəsi Həsən xan çar generalının təslim olmaq təklifini rədd etdi. Son nəfəsinə qədər vuruşacağına and içdi. Qalanın müdafiəçiləri qəhrəmanlıqla vuruşurdular. Ona görə mühasirə uzun sürdü. Ancaq rus ordusu yenidən qüvvə topladı, əlavə kömək aldı. Şəhər yenə bombardman edildi, dağıdıldı və yandırıldı.