§ 27. İrəvan xanlığı
18-ci yüzillikdə Azərbaycan torpaqlarında yaranan müstəqil dövlətlərdən biri də İrəvan xanlığı idi. Xanlıq indiki Ermənistan ərazisində — Qərbi Azərbaycan torpaqlarında yaranmışdı. Xanlıq Qırxbulaq, Zəngibasar, Vedibasar, Sərdarabad, Göyçə, Dərəçiçək və s. mahallara bölünmüşdü.
Azərbaycan türkləri «r» hərfi ilə başlayan sözləri tələffüz edərkən onun əvvəlinə «i» səsini əlavə edirlər. Məsələn, Ramazan—İrəməzan, Rəhim — İrəhim, Rza—İrza. İrəvan xanlığında paytaxt şəhərinin adı Rəvan olduğu üçün xalq onu İrəvan, xanlığın adını isə İrəvan xanlığı adlandırmışdır.
İrəvan xanlığında yaşayan əhali Azərbaycan türkləri idi. Bu torpaqlarda tarixin ən qədim dövrlərindən başlayaraq ulu babalarımız yaşayırdı. Ermənilər kütləvi olaraq bu torpaqlara 19-cu yüzillikdə çar Rusiyası tərəfindən köçürülmüşdür. Buna qədər isə onların az bir hissəsi 15-ci yüzillikdə Azərbaycan hökmdarının icazəsi ilə “Üçkilsə” və ətrafında yerləşmişdir. Hətta o dövrün erməni mənbələri də Üçkilsənin Azərbaycan ölkəsində yerləşdiyini yazırdılar.
Xanlığın paytaxtı İrəvan şəhəri idi. Şəhər əhalisi Azərbaycan türklərindən ibarət idi. Xanlıqda əhalinin başlıca məşğuliyyəti heyvandarlıq və əkinçilik idi. Heyvandarlar yaylaq-qışlaq maldarlığı ilə məşğul olurdular. Onlar iri və xırdabuynuzlu mal-qara saxlayırdılar. Əkinçilər, əsasən, dənli bitkilər əkirdilər.
Torpağı və əmək alətləri olmayan kəndlilər xanların, bəylərin torpaqlarını əkib-becərirdilər, əldə etdikləri məhsulun yalnız üçdə biri onlara qalırdı.
Sənətkarlıq və ticarət də xanlığın həyatında mühüm yer tuturdu. Sənətkarların əksəriyyəti toxuculardan ibarət idi. Onlar, əsasən, xalça toxuyurdular.