İnformasiya — xəbər, məlumat, bilik. İnsan informasiyanı duyğu üzvləri vasitəsilə alır.
İnformasiya mənbəyi — informasiyanın alındığı yer. Hər bir əşya, yaxud hadisə informasiya mənbəyi ola bilər.
İnformasiya vasitəsi — informasiyanı ötürmək üçün vasitə. Telefon, televizor, radio, qəzet, kitab və s. informasiya vasitələridir.
İş masası — monitorun ekranında görüntü. Kompüter işə hazır olduqda ekranda iş masası açılır.
Kalkulyator — hesablamalar aparmaq üçün qurğu. Kompüterdə adi kalkulyatora bənzəyən xüsusi proqram - Calculator proqramı olur.
Klaviatura — kompüterin əsas qurğularından biri. Mətnlər kompüterə klaviatura vasitəsilə daxil edilir.
Kompüter — informasiya ilə işləyən elektron qurğu.
Kursor — mətn redaktorunda daxil ediləcək simvolun yerini göstərən şaquli cizgi.
Qrafik redaktor — kompüterdə şəkil çəkmək üçün proqram. Çoxlu qrafik redaktor var ki, onlardan biri də Paint proqramıdır.
Mətn redaktoru — kompüterdə mətnlərlə işləmək üçün proqram. NotePad sadə mətn redaktorudur.
Monitor — kompüterin əsas qurğularından biri. Mətnlər və şəkillər monitorun ekranında əks olunur.
Siçan — kompüterin əsas qurğularından biri. Siçan vasitəsilə kompüterə müxtəlif komandalar verilir.
Siçanın göstəricisi — siçanın hərəkətini monitorun ekranında əks etdirən kiçik ox işarəsi. Göstərici başqa şəkillərə, məsələn, əl şəklinə də düşə bilər.
Simgə — iş masasında olan kiçik şəkil. Kompüterin hər bir qurğusunun, hər bir proqramın öz simgəsi olur.
Sistem bloku — kompüterin əsas qurğularından biri. Müxtəlif qurğular, o cümlədən yaddaş və prosessor sistem blokunda yerləşir.