İllər ötdü. Azıx mağarasında insanların sayı çoxaldı. Onda Domrulun ailəsi yeni məskən tapmaq üçün yola çıxdı. Onlar xeyli gəzib Xəzər dənizinin sahilinə çatdılar. Burada çoxlu təpələr, dərələr, qayalar var idi. Dərəyə “qobu” da deyirlər. Ona görə də buranın adını “Qobustan” qoydular.
Domrulla atası qayalarda oxla heyvan ovlayırdılar. Onlar qayıq düzəltdilər. Qayıqla dənizə çıxır, balıq tuturdular. Sonra tələ qurub heyvanları diri tutmağı öyrəndilər. Beləcə, keçi, at tutub onları əhliləşdirdilər. İndi ailənin hər gün əti, südü var idi.
Axşamlar ailə üzvləri ocağın ətrafında əl-ələ tutub rəqs edirdilər. Beləcə, onlar Qobustanda uzun müddət xoşbəxt yaşadılar.
İradə İsmayılqızı