Bu əhvalat lap çoxdan olub. O zaman insanlar ev tikməyi bacarmırdılar. Onlar çöldə, meşədə yaşayırdılar. Şaxtalı bir gün idi. İnsanlar soyuqdan qorunmaq üçün yer axtarırdılar. Onların arasında Domrul adlı balaca bir oğlan da var idi.
Birdən Domrul qayaların arasında yarıq gördü. Tez ata-anasını səslədi:
- Bura gəlin! Mağara tapmışam.
Domrul böyükləri gözləməyib mağaraya girdi. Elə bu vaxt onun qarşısına böyük bir ayı çıxdı. Domrul “azıx, azıx” qışqıra-qışqıra mağaradan çölə atıldı. O zaman ayıya “azıx” deyirdilər.
Ayı da onun dalınca mağaradan çıxdı. Nərildəyərək insanlara hücum etdi. Ancaq insanlar geri çəkilmədilər. İti uclu dəyənək və iri daşlarla ayını qovdular.
O gündən mağara insanların məskəni oldu. Həmin mağara bu gün də Azıx mağarası adlanır.