Qaragözün anası onu yuvada gözləyirdi. O çox narahat idi. Birdən Qaragöz təngnəfəs yuvaya girdi. Anası soruşdu:
- Qaragöz, sən harada idin? Axı demişdim ki, yuvadan bayıra çıxma!
Balacanın qara gözləri yaşardı. O dedi:
- Bağışla, ana. Mən qoza yığmaq istədim.
Anası Qaragözü qucaqlayıb öpdü və dedi:
- Mənim sevimli balam. Sən ehtiyatlı olmalısan.
Qaragöz isə kədərli halda oturub fikrə daldı.
Bunu görən anası soruşdu:
- Qaragöz, sənə nə olub? Niyə belə fikirlisən?
Qaragözü ağlamaq tutdu. O, anasına ürəyini açdı:
- Ana, mən pis iş görmüşəm. Ayının balını dağıtmışam. O isə elə bilir ki, bunu tülkü edib. İndi gedib onu parçalayacaq.
- Hə... Bu heç yaxşı olmadı. Tülkünü xilas etmək lazımdır. Ana ilə bala yuvadan çıxıb ayının mağarasına tərəf yollandılar.
Qaragözün anası ilə söhbətini səhnələşdirin.
tülkü, ayı, bal, azuqə,
kötük ana, kədər,
xilas, yuva, ora, bayır,
küp, fikir, iki, onlar
Sözdə neçə sait varsa, bir o qədər də heca var.