Qaragöz yuvada tək idi. Yuxarıdan ağacın altında oynayan dovşanlara baxırdı. O da düşüb oynamaq istədi. Amma anasının sözlərini xatırlayıb ah çəkdi. Sonra yerdəki qozaları görüb öz-özünə dedi:
- Gedim, yuvaya qoza daşıyım. Onda anam heç nə deməz. Bəlkə də, məni tərifləyər.
Qaragöz aşağı enmək istəyəndə sürüşdü. Yumbalana-yumbalana ağacdan xeyli aralandı. Bir kötüyə ilişib dayandı. Ayağa qalxıb ufuldadı. Elə bu vaxt gördü ki, bir ayı gəlir. Tez kötüyün arxasında gizləndi.
Ayının əlində küp var idi. O, küpü bir kolun arasına qoyub öz-özünə dedi:
- Burada küpümü heç kim tapmaz. Balalarımı gətirim, doyunca yesinlər.
Bunu deyib Ayı oradan uzaqlaşdı.
Qaragöz kötüyün arxasından çıxdı. Öz-özünə düşündü: “Görəsən, bu küpün içində nə var?” O, pəncələri ilə küpün qulpundan yapışdı. Onun içinə baxmaq istədi. Bu zaman küp aşdı və içindəki bal yerə dağıldı...