Bir gün Biləndərin anası samovar qaynatmaq istədi. Biləndər də kiçik taxta qırıntıları topladı, kömür gətirdi. Amma samovara atmağa köz yox idi. Biləndər Zəhra nənəgilə getdi. Ondan köz istədi:
- Zəhra nənə, anam samovarı qaynatmaq istəyir. Xahiş edirəm, bizə bir az köz verin.
Zəhra nənə dedi:
- Biləndər, bala, mən sənə köz verərəm. Amma közü nədə aparacaqsan?
- Əlimdə aparacağam, Zəhra nənə.
- Ay oğul, əlin yanar axı?!
Biləndər yerdən bir ovuc torpaq götürüb dedi:
- Narahat olma, nənə, qoy bu torpağın üstünə.
Zəhra nənə gülümsündü:
- Ay mənim ağıllı balam.