3-cü hissə

Müəllim Dobbinsin bir adəti vardı. Uşaqlar onun verdiyi tapşırığı hazırlayanda o da bir kitab çıxarıb oxuyardı. Kitab qoyulan siyirməni o, həmişə bağlı saxlayırdı. Müəllimin oxuduğu kitab uşaqların hamısını maraqlandırırdı.

Bekki sinfə birinci gəlmişdi. O gördü ki, açar siyirmənin üstündədir. Belə bir fürsəti əlindən buraxmağa heyfi gəldi. Yan-yörədə də heç kəs yox idi. Bekki kitabı götürdü. Birinci səhifədəki “Anatomiya” sözlərindən heç bir şey başa düşmədi. Kitabı vərəqləməyə başladı. Açdığı səhifədə rəngli şəkil gördü; bu, insan orqanlarının şəkli idi.

Həmin dəqiqə kiminsə kölgəsi səhifənin üstünə düşdü: Tom Soyer qızın çiyni üzərindən kitaba tamaşa eləyirdi. Bekki kitabı tələsik örtmək istəyəndə ehtiyatsız tərpənib səhifəni yarıyadək cırdı. Qız tez kitabı yeşiyə atdı. Acığından və xəcalətindən ağlamağa başladı.

- Eyib olsun, Tom! Məni güdürdün?! Yəqin, indi hər şeyi müəllimə xəbər verəcəksən. İlahi, mən nə edim?! Müəllim mənə cəza verəcək. Məni bircə dəfə də sinfin qarşısında cəzalandırmayıblar! - Bekki daha da bərkdən ağlamağa başladı.

Tom qızın hücumundan özünü itirdi. Öz-özünə dedi: “Bu qız lap axmaqdır! Onu ömründə cəzalandırmayıblar! Nə böyük iş imiş, döyəcəklər, qoy döysünlər! Qızların elə hamısı belə olur - qorxaqlar! Mən Dobbinsə heç bir söz deməyəcəyəm. Amma o, onsuz da kitabı kimin cırdığını tapacaq”.

  1. Doğru, yoxsa yanlış?

    1. Müəllim kitabı stolun siyirməsində saxlayırdı.
    2. Bekki kitabın stolun üstündə qaldığını gördü.
    3. Tom hiss etdirmədən kitaba baxan qıza yaxınlaşmışdı.
    4. Bekki kitabın səhifəsini cırdığı üçün cəzalandırıldı.
    5. Tom cəzalandırılmağa adi bir iş kimi baxırdı.

    D   Y
    D   Y
    D   Y
    D   Y
    D   Y

  2. Səncə, anatomiya elmi nədən bəhs edir?