ŞAH I ABBASIN İSLAHATLARI

Səfəvi dövlətində siyasi və hərbi vəziyyətin ağırlaşdığı bir vaxtda hakimiyyətə möhkəm əqidəyə və siyasi mövqeyə malik olan şah I Abbas gəldi. 42 il hakimiyyətdə olmuş şah I Abbası Avropada «Böyük Abbas» adlandırırdılar.

Şah I Abbas Səfəvi dövlətini böhrandan necə çıxardı?

Şah I Abbasın hakimiyyətə gəlməsi. 1587-ci ildə Səfəvi dövlətində saray çevrilişi baş verdi. Məhəmməd Xudabəndə hakimiyyətdən kənarlaşdırıldı, onun oğlu 16 yaşlı Abbas şah elan edildi.

Sizcə, qızılbaş əyanları şah Məhəmməd Xudabəndəni
hakimiyyətdən hansı səbəblərə görə kənarlaşdırıdılar?
Bunun daxili və xarici səbəblərini qeyd edin.

Şah I Abbas (1587—1629) dövlətin varlığını qorumaq üçün, ilk növbədə, Osmanlı dövləti ilə sülh danışıqlarına başladı. 1590-cı ildə İstanbulda sülh müqaviləsi imzalandı. XVI əsrdə Səfəvi—Osmanlı müharibəsinə son qoyan bu müqavilənin şərtlərinə əsasən, Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Qəzvin və Lənkərandan başqa bütün Azərbaycan torpaqları osmanlılara verildi.

1590-cı il İstanbul müqaviləsi Sə- fəvilərin imzaladığı ən ağır şərtli sülh müqaviləsi idi. Bu müqavilənin şərtlərinə görə, Səfəvi dövləti öz ərazisinin xeyli hissəsini itirdi.