Gürcü çarı II İrakli dəfələrlə Gəncə xanlığına yürüş etmiş və onu asılı vəziyyətə salmağa çalışmışdı. Xarici işğallara qarşı mübarizə aparmaq üçün Gəncə xanlığı Osmanlı dövləti ilə dostluq əlaqələri qurmağa çalışırdı. Bu məqsədlə 1752-ci ildə Şahverdi xan Osmanlı dövlətinə elçi göndərmişdi.
Gəncə nə üçün qonşu dövlətlərin hücumlarına hədəf olurdu? |
XVIII əsrin 50-ci illərində Gəncə xanlığı Qarabağ xanlığından asılı vəziyyətə düşmüşdü.
1780-ci ildə Gəncə xanlığı Qarabağ xanlığı və gürcü çarlığı arasında bölüşdürüldü. Xanlıq hər iki tərəfin təyin etdiyi nümayəndələr tərəfindən idarə olunmağa başlandı.
Beləliklə, Gəncə xanlığında ikihakimiyyətlilik yarandı. Bu vəziyyət 1783-cü ilə qədər davam etdi. Yaranmış ikihakimiyyətlilik xalqın narazılığına səbəb oldu. Həmin il Gəncədə baş vermiş üsyan nəticəsində ikihakimiyyətliliyə son qoyuldu. 1786-cı ildə Gəncə xanlığında hakimiyyətə Cavad xan Ziyadoğlu (1786—1804) gəldi. Cavad xanın həyata keçirdiyi müdrik siyasət Gəncə xanlığının müstəqilliyini möhkəmləndirdi. O, Azərbaycan torpaqlarını — Qazax və Borçalını gürcü təsirindən azad etmək siyasəti yürüdürdü.
Nadir şah nə üçün Qazax və Borçalı torpaqlarını gürcü hakiminə vermişdi? |