İnsan heterotrof qidalanan digər canlılar kimi bu maddələri hazır qəbul edir. O, lazım olan üzvi və mineral birləşmələri bitki və heyvan mənşəli qidalardan alır. Mənimsədiyi qida maddələri hesabına orqanizmdə, hüceyrələr çoxalır, böyüyür, həyat fəaliyyəti prosesində itirilən maddələri yeniləri ilə əvəz olunur. Qidanın tərkibindəki qida maddələri orqanizmin tikinti materialıdır.
Orqanizm qida maddələrinin içində müxtəlif vitaminlər də qəbul edir. Vitaminlər orqanizmdə maddələr mübadiləsinin tənzimlənməsində çox böyük əhəmiyyətə malikdir.
Yediyimiz qida maddələri həzm orqanlarında fiziki və kimyəvi dəyişikliyə uğrayır , orqanizm tərəfindən mənimsənilir. Qida maddələrinin bu cür dəyişilməsi və hüceyrələrə daxil olması həzm adlanır.
İnsanın həzm sistemi həzm kanalı və həzm kanalından kənarda yerləşən iri həzm vəzilərindən təşkil olunmuşdur.