Məməlilərin ağciyərləri suda-quruda yaşayanların ağciyərindən hansı xüsusiyyətlərinə görə fərqlənir? Bu orqanizmlərdə qaz mübadiləsi necə həyata keçirilir?
Arzunuzla dörd nəfərlik bir qrup təşkil edin. Birinci şagird 20, ikinci 40, üçüncü 60, dördüncü isə 80 dəfə oturub-dursun. Nəfəsalma və nəfəsvermənin kimdə daha sürətli olduğuna diqqət edin və nəticənin müzakirəsini aparın.
Ağciyərlər döş boşluğunda yerləşir, ürəklə birlikdə bu boşluğun içərisini doldurur. Ağciyərlərin üzəri birləşdirici toxumadan əmələ gəlmiş ağciyər plevrası ilə örtülüdür. Döş boşluğunun daxili səthində isə divaryanı plevra yerləşir. İki plevranın arasında hava olmur. Sağ ağciyər üç, sol ağciyər iki paydan ibarətdir. Ağciyərlərin süngərəbənzər quruluşu var. Ona bu formanı verən içərisində olan çoxsaylı alveollardır. Alveollarda qazlar mübadiləsi həyata keçirilir. Nəfəsalma zamanı udulan atmosfer havasındakı oksigen qazının bir hissəsi alveolların divarından onu bürüyən kapilyar qan damarlarına keçir. Karbon qazı isə alveollara daxil olur. Sonra nəfəsvermə baş verir. Alveollardakı karbon qazı ilə zənginləşmiş hava atmosferə çıxır.