Ətrafda gördüyümüz obyektlər müxtəlif hissələrdən ibarətdir. Yaşadığınız mənzilin kərpiclərdən və digər tikinti materiallarından; avtomobilin müxtəlif hissələrdən; fiziki cisimlərin maddələrdən təşkil olunduğunu bilirsiniz.
Müasir canlılar uzun sürən tarixi inkişaf prosesində formalaşmışdır. Onların dörd aləmə bölündüyünü bilirsiniz. Heyvanlar aləmi birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmində qruplaşdırılmışdır. Çoxhüceyrəli canlıların ən alisi insandır. İnsan məməlilər sinfinin primatlar dəstəsinə aiddir. Onun təşkili səviyyələri əksər çoxhüceyrəli canlılarda olduğu kimidir. İnsan orqanizmi də molekullar, hüceyrələr, toxumalar, orqanlar və orqanlar sistemlərindən təşkil olunmuşdur.
Əksər canlılarda olduğu kimi, insan orqanizminin də ən kiçik quruluş və inkişaf vahidi hüceyrədir. İnsan hüceyrəsi digər məməlilərin hüceyrə quruluşunu özündə əks etdirir. İnsanın somatik* hüceyrələrinin bir nüvəsində normal halda 46, yetişmiş cinsiyyət hüceyrələrinin nüvələrində isə 23 xromosom olur. Lakin insanın çoxnüvəli hüceyrələri olan eninəzolaqlı əzələ, qaraciyər və sümük iliyi hüceyrələrində xromosomların sayı daha çoxdur.