Ürək orta döş xəttindən sol tərəfdə yerləşir. Ortayaşlı insanda onun çəkisi təqribən 250-300 qrama bərabər olur. İnsanın ürəyi dörd kameralıdır. Yuxarı tərəfdə qulaqcıqlar, aşağı tərəfdə isə mədəciklər yerləşir. Mədəciklərin əzələləri qulaqcıqların əzələlərindən qalındır. Sol mədəciyin əzələləri isə daha qalındır.
Ürəkdə yerləşən qapaqlar qanın bir istiqamətdə hərəkətinə səbəb olur. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar, ürəyin mədəcikləri ilə ürəkdən çıxan damarlar arasında isə aypara qapaqlar yerləşir.
Ürək qanın hərəkətini tənzimləyən yorulmaz bir "mühərrik"dir. O öz işini dövri (tsiklik) olaraq təkrar edir. Adətən, qulaqcıqların yığılması (sistola) oraya toplanmış qanı mədəciklərə (0,1 saniyə), mədəciklərin yığılması isə (0,3 saniyə) qanı arteriyalara qovur. Bundan sonra ürək ümumi boşalma (diastola) vəziyyətində (0,4 saniyə) olur.
Ürəyin vurduğu qanın arteriya damarları ilə axdığı, kapilyarlarda mübadilənin baş verdiyi və qanın venalarla ürəyə qayıtdığı sizə bəllidir. Gəlin ürəyin işini və qanın hərəkətini xatırladan bir təcrübə aparaq.