Toxuma mayesində həll olmuş maddələr hüceyrə membranından hüceyrəyə, hüceyrədə yaranan CO2 və digər lazımsız məhsullar isə toxuma mayesinə ötürülür. Toxuma mayesindən sızan bir qisim maddələr də limfa kapilyarlarına (bunların bir ucu kordur) keçir. Toplanmış limfa mayesi qan damarlarına daxil olur. Qan, limfa və toxuma mayesi orqanizmin daxili maye mühitini təşkil edir.
İnsan orqanizmində müxtəlif proseslər gedir. Orqanizm ətraf mühitlə də daima əlaqə saxlayır. Hüceyrələrdə fasiləsiz maddələr mübadiləsi baş verir ki, bu, orqanizmin daxili maye mühitinin iştirakı ilə mümkündür. Sağlam insanlarda özünütənzimləmə sayəsində orqanizmin daxili maye mühiti nisbi sabit qalır.
Qan qan-damar sistemi vasitəsilə bədənin bütün hüceyrə və toxumalarına çatdırılır, insanın qan-damar sistemi ürək və qan damarlarından ibarətdir.
Qan-damar sistemi orqanizmdə müxtəlif
funksiyalar yerinə yetirir:
■ qidalandırıcı - qida maddələrini hüceyrəyə çatdırır;
■ tənəffüs - oksigen qazını ağciyərlərdən toxumalara, karbon qazını isə toxumalardan ağciyərlərə
çatdırır;
■ ifrazat - orqanizmdəki lazımsız məhsulları ifrazat orqanlarına gətirir;
■ müdafiə - zərərli mikroorqanizmlər və müxtəlif maddələri zərərsizləşdirir;
■ tənzimləyici - hormonları daşıyır, istilik tənzimində iştirak edir.