Təbii, texnogen xarakterli fəlakətlər və qəzalar zamanı müxtəlif təhlükəli vəziyyətlərlə rastlaşırıq. Bu zaman hansı zədələnmələr baş verə bilər?
Şəkillərdə nə təsvir olunub?
Bu cür zədələnmələr zamanı göstərə biləcəyiniz ilkin tibbi yardım barədə fikirlərinizi qruplarda
müzakirə edin.
İnsanın dayaq-hərəkət aparatının ən mühüm funksiyalarından biri hərəkətə xidmət etməsidir. Hərəkət funksiyasını əzələlər və oynaqlar həyata keçirir.
İnsan bədənində yüzlərlə əzələ var. Bunlardan hər biri orqanların müəyyən funksiya yerinə yetirməsinə xidmət edir.
Boyun əzələləri başın normal duruşunu və hərəkətini; baş əzələləri çeynəmə və üz ifadələrini; ətraf əzələləri ətrafların açılıb-yığılmasını; döş əzələləri qolların hərəkətini və tənəffüs zamanı döş qəfəsinin həcminin dəyişməsini təmin edir.
Orqanizmdə bu və ya digər hərəkətin icrasında əzələlər sümüklərə təsir edir. Bəzi hərəkətlər üçün iki əzələ növbə ilə işləyir və bir-birinə zidd hərəkət edir, yəni biri açılarkən digəri yığılır. Əzələlər işləyərkən çoxlu oksigen və qida maddələri tələb edir. Qida maddələri parçalanarkən enerji ayrılır və karbon qazının miqdarı artır. Çünki işləyən əzələlərə qan çox gedir, o özü ilə çoxlu oksigen aparır. Bu isə üzvi maddələrin parçalanmasına və daha çox enerjinin ayrılmasına səbəb olur. Əzələlər fasiləsiz işləyərkən yorulur.
Skelet və əzələlərin normal inkişafını təmin etmək məqsədilə düzgün qidalanmanın böyük əhəmiyyəti var. Sümüklərin inkişafı üçün bol miqdarda kalsium və fosfor, əzələlərin inkişafı üçün zülallar tələb olunur. Bu maddələr lazımi miqdarda qəbul edilməlidir. Fiziki iş və idmanla məşğul olan adamlarda hansı əzələlər daha çox işləyirsə, onlar daha çox inkişaf edir.