Skelet əzələləri sümüklərə vətərlər vasitəsilə bağlanır. Bu əzələlərin yığılması nəticəsində orqanizmin müxtəlif hissələri (baş, gövdə, ətraf) yerini dəyişir, tənəffüs, çeynəmə, udma, danışma baş verir. İradi hərəkətlər baş beyin və onurğa beyni ilə idarə olunur.
Bir çox daxili orqanlar saya əzələ toxumasından təşkil olunmuşdur. Onların işi qeyri-iradidir. Bu orqanların fəaliyyəti avtonom sinir sistemi vasitəsilə və humoral yolla tənzimlənir. Siz onların işləməsini hiss etmir və idarə edə bilmirsiniz.
Ürək eninəzolaqlı əzələ toxumasının xüsusi növündən əmələ gəlmişdir. Lakin digər eninəzolaqlı əzələlərdən təşkil olunan orqanlardan fərqli olaraq, ürək əzələsinin işi qeyri-iradidir.
Gövdə və ətrafların əzələləri:
1 - böyük döş əzələsi
2 - ikibaşlı bazu əzələsi (bükücü)
3 - qarın əzələləri
4 - dördbaşlı bud əzələsi (açıcı)
5 - üçbaşlı bazu əzələsi (açıcı)
6 - arxanın açıcı əzələsi
7 - böyük sarğı əzələsi
8 - ikibaşlı bud əzələsi (bükücü)