Üzvi maddələr sümüyə elastiklik, mineral maddələr isə sərtlik verir. Uşaqların sümüyündə üzvi maddələrin miqdarı çox, mineral maddələrin miqdarı isə az olur. Yaş artdıqca isə bu nisbət dəyişir. Əksər sümüklərin içərisində qanyaradan orqan - qırmızı sümük iliyi, uzun borulu sümüklərin içərisində isə həm də piy toxuması ilə zəngin sarı sümük iliyi yerləşir.
İnsanın və məməli heyvanların skeleti, əsasən, oxşar sümüklərdən təşkil olunmuşdur. İnsan skeletində dik yerimək, əmək fəaliyyəti və baş beyinin inkişafı ilə əlaqədar olaraq bir sıra dəyişikliyin əmələ gəldiyini bilirsiniz. Yaşlı insanın onurğasında dörd əyrilik (boyun, döş, bel, oma) var.