Yetkinlik dövründən sonra hormonun çox ifraz olunması burunun, qulağın, dodağın və s. orqanların daha çox böyüməsinə səbəb olur ki, bu da akromeqaliya xəstəliyidir.
Sağlam həyat sürmək üçün nəzarətçi və nizamlayıcı orqanlarımızı qorumalıyıq. Hormonal sistemdəki dəyişikliklər böyüməyə, inkişafa, maddələr mübadiləsinə təsir göstərir. Sinir sistemi xəstəlikləri isə, əsasən, davranış pozğunluqlarına səbəb olur.
Sinir sisteminin bəzi irsi xəstəliklərinə səbəb müəyyən hormonların və fermentlərin sintezinin pozulmasıdır. Bu da qəbul olunmuş qida maddələrinin bəzi komponentlərinin zəhərli birləşmələrə çevrilməsinə səbəb olur. Bu maddələr isə qanda toplanaraq əqli inkişafı pozur.
Bəzi vitaminlərin yaxşı mənimsənilməməsi də sinir sistemi xəstəliklərinin səbəblərindəndir. Bu vitaminlərin çatışmaması insanda psixi qüsurların yaranması ilə nəticələnir.
Spirtli içkilərin tərkibində olan alkoqol qəbul olunduqda tez bir zamanda qana keçir, neyronlara təsir göstərir. Bu da informasiyaların beyinə nəql olunmasını ləngidir və bəzən xəstəliyə səbəb olur.
Narkotik maddələr və siqaretin tərkibində olan nikotinin təsirindən insanlarda sinir sisteminin işi pozulur, yaddaş zəifləyir, əllər titrəməyə başlayır.