Onurğa beyni onurğa kanalının içərisində yerləşir. Yuxarıdan uzunsov beyinlə birləşir, aşağıdan isə onurğa sütununun bel şöbəsinə qədər uzanır. Onurğa beyni bel şöbəsində qurtarsa da, sinirlər büzdümə qədər davam edir. Onun xarici qatı ağ maddədən, daxili qatı isə boz maddənin kəpənək formalı yığımından təşkil olunub. Boz maddənin içərisində onurğa beyninin kanalı yerləşir.

  • Verilmiş hadisələri necə izah etmək olar?

▶ Baş beyini çıxarılmış qurbağanı ştativdən asaraq arxa ətrafın barmaqlarını pinsetlə sıxdıqda, yaxud sulfat turşusu məhlulu olan stəkana saldıqda bükmə refleksi müşahidə olunur.

▶ Avtomobil qəzası və s. səbəbdən bəzən insanlarda onurğa beyninin hansısa bir hissəsi zədələnir və onun baş beyinlə əlaqəsi kəsilir. Belə adamlar başını çevirir, çeynəmə hərəkətləri edə bilir, gözlərini, bəzən əllərini də hərəkət etdirirlər. Ancaq zədələnmiş yerdən aşağı hissədə hissiyyat və hərəkət funksiyası itir.

Onurğa beyni ötürücü və reflektor funksiya daşıyır. Ötürücü yollar onurğa beyni ilə baş beyinin arasında əlaqə yaradır. Onurğa beynindən 31 cüt qarışıq sinir çıxır. Bu sinirlərin reflekslərinin əksəriyyəti baş beyinin nəzarəti altında baş verir.

Onurğalı heyvanlarda və insanda baş beyin onurğa beyninin fəaliyyətinə çox böyük təsir göstərir. Bədən quruluşu mürəkkəbləşdikcə baş beyin onurğa beyninin reflekslərində daha mühüm rol oynayır. İnsanda onurğa beyninin idarə etdiyi diz refleksi kimi sadə reflekslər olsa da, onurğa beyninin əksər refleksləri baş beyinin nəzarəti altında həyata keçirilir.

Baş beyin mərkəzi sinir sisteminin tərkib hissəsi olub kəllə qutusunda yerləşir.