Lakin periferik hissləri (sinir düyünləri və mərkəzi sinir sistemindən çıxan sinirlər) regenerasiya yolu ilə bərpa olunur. Sinir liflərinin regenerasiyası çox gec baş verir (sutkada 0,3-1 mm).
Peyk hüceyrələrinin sayı neyronlardan təqribən 10 dəfə çox olub, əsas funksiyası neyronların qidalanma, müdafiə və dayağını təmin etməkdən ibarətdir.
Sinir toxumasının əsas xassəsi oyanma qabiliyyəti və oyanmanı nəql etməsidir. Bunun nəticəsində orqanizm müxtəlif qıcıqlara cavab verir.
Orqanizmin sinir sistemi vasitəsilə qıcıqlara verdiyi cavab reaksiyası refleks adlanır. Sinir impulslarının keçdiyi yol refleks qövsüdür. Bura reseptor, hissi yol, mərkəzi sinir sisteminin bir hissəsi, hərəki yol və işçi orqan aiddir.
İnsanın müxtəlif orqanlarında qıcıqlan qəbul edən reseptorlar var. Reseptorlar kimyəvi, mexaniki, elektrik və başqa qıcıqların təsirindən oyanır. Oyanma refleks qövsünün növbəti hissələri ilə nəql olunur. Orqanizm həmin qıcığa qarşı müəyyən cavab reaksiyası verir. Əgər refleksin yaranmasında yalnız hərəki və hissi neyronlar iştirak edirsə, bu reflekslərə sadə, hissi və hərəki neyronlarla bərabər bir və ya bir neçə ara neyron da iştirak edirsə, bunlara mürəkkəb reflekslər deyilir.
İnsan orqanizmində müxtəlif mürəkkəb reflekslər baş verir.