Orqanizmdə iki cür tənzimləyici sistem var: sinir sistemi və endokrin sistem. Sinir tənziminə yalnız insanlarda və əksər heyvanlarda rast gəlindiyi halda, endokrin tənzimə həm də bitkilərdə və göbələklərdə müşahidə olunur.
Orqanizmdə nəzarətçi kimi də fəaliyyət göstərən sinir sistemi bədən üzvlərinə göndərdiyi siqnallarla insanın ətraf mühitə münasibətdə necə davranacağını "söyləyir".
İnsan orqanizmi toxuma və orqanların mürəkkəb sistemi olub daima qarşılıqlı əlaqədə fəaliyyət göstərir. İnsanın ayrı-ayrı orqanlarının fəaliyyətinin tənzimi sinir sistemi ilə həyata keçirilir. Sinir toxumasını, əsasən, neyronlar və peyk hüceyrələri təşkil edir. Ətraf mühitdən qıcığın qəbul edilib ona qarşı cavab reaksiyasının verilməsi neyronlar vasitəsilə həyata keçirilir və bu proses refleks adlanır. Refleksin yaranmasında, adətən, hissi, ara və hərəki neyronlar iştirak edir.
Hissi neyronlar impulsları duyğu orqanlarından mərkəzi sinir sisteminə, hərəki neyronlar isə mərkəzi sinir sistemindən işçi orqanlara çatdırır. Ara neyron hissi və hərəki neyronlar arasında əlaqə yaradır.
Neyronlar cisimdən və çıxıntılardan ibarətdir. Qısa çıxıntılar dendrit, uzun çıxıntılar akson adlanır. Hissi və hərəki neyronların aksonlarının yığını sinir sisteminin ağ maddəsini (mielin qişası), hissi və hərəki neyronların cisimləri və dendritləri, ara neyron isə bütövlükdə sinir sisteminin boz maddəsini əmələ gətirir. Neyronların bir-biri ilə çıxıntıları vasitəsilə təmas yerləri sinaps* adlanır. Doğulduqdan sonra insanlarda və əksər heyvanlarda neyronlar çoxalmır.