Heyvanlar inkişaf edib mürəkkəbləşdikcə onların sinir sistemi də mürəkkəbləşir. Həlqəvi qurdlarda, molyusklarda, buğumayaqlılarda sinir sistemində sinir düyünləri yaranmışdır. Onlar birləşərək zəncirə oxşayır. Bu düyünlərdən bütün üzvlərə sinirlər gedir.
Xordalı heyvanlarda borulu sinir sistemi vardır. Onlarda bədən quruluşu mürəkkəbləşdikcə mərkəzi sinir sisteminin quruluşu və funksiyası da mürəkkəbləşmişdir. Sinir sistemi insanda özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır.
Sinir sisteminin canlıların həyatında əhəmiyyəti çox böyükdür. Məsələn, heyvanlarda əzələ sisteminə oyanma nəql olunduqda o yığılır. Heyvanın tənəffüs mərkəzi zədələnərkən tənəffüs hərəkətləri pozulur. Ağız suyu, mədə şirəsi və tər ifrazı, qan damarları mənfəzinin dəyişməsi, əlimizi isti bir əşyaya toxundurduqda çəkməyimiz - bütün bu reflekslər sinir sisteminin iştirakı ilə baş verir.
Tam bir vəhdət təşkil edən orqanizmdə ayrı-ayrı orqanlar sistemlərinin birbiri ilə əlaqəli işləməsində sinir sistemi mühüm rol oynayır. Orqanizm sinir sisteminin fəaliyyəti nəticəsində xarici mühitlə əlaqə yaradır. Sinir sisteminin göstərilən funksiyaları əksər heyvanlara və insana xasdır. Lakin insandakı sinir sisteminin bir sıra mürəkkəb funksiyaları onu heyvanlardan fərqləndirir.
İnsanların şüurlu fəaliyyəti, təbiətdə etdiyi dəyişikliklər, cəmiyyətdəki qarşılıqlı münasibətlər, elmdə əldə etdiyi nailiyyətlər baş beyində gedən mürəkkəb proseslərin nəticəsidir. Sinir sistemi orqanizmin bütün orqanlarının işini uzlaşdırır. Baş beyindən orqanlara "əmrlər" göndərilir. Orqanlardan isə onların necə işləməsi barədə məlumatlar qəbul edilir.
Sinir sistemi insanda: