İnsan sosial varlıq olduğundan ondan təcrübə obyekti kimi istifadə etmək mümkün deyil. Yəni eksperimental metodların insana tətbiqi qeyri-mümkündür. Bəs onda bu elmlər insan orqanizmini hansı metodlardan istifadə edərək öyrənir?
Əvvəllər insan orqanizmini öyrənmək üçün meyitlər üzərində tədqiqat aparılırdı. Alimlər insan bədəninin quruluşunu onurğalı heyvanların, xüsusilə məməlilərin bədən quruluşu ilə müqayisə edərək bunlar arasında böyük oxşarlıq olduğunu müəyyənləşdirdilər. Bu da fizioloqlara insan bədənindəki üzvlərin funksiyalarını öyrənmək üçün heyvanlar üzərində təcrübə aparmağa imkan verdi.
Bəzi fizioloji müşahidələri insan üzərində də aparmaq mümkündür. İnsan orqanizminin əksər orqanlarında daim çox zəif elektrik cərəyanları (biocərəyanlar) əmələ gəlir. Bu cərəyanlar orqanizmin vəziyyətindən asılı olaraq dəyişir. Onların qeydə alınması ilə bəzi orqanların funksiyaları öyrənilir, baş verən dəyişikliklər aşkara çıxarılır. Ürəyin biocərəyanları elektrokardioqraf beyinin biocərəyanları elekrtoensefaloqraf cihazı vasitəsilə qeydə alınır. Tonometr insanın qan təzyiqi, spirometr ağciyərin həyat tutumunu müəyyən etmək üçün istifadə olunur. Həzm sistemini öyrənmək üçün zondlama, rentgenoqrafiya, radiotelemetriya, endoskopiya kimi üsullardan istifadə olunur.
İnsan sağlamlığına zərər vurmadan rentgen, ultrasəs və s. vasitələrdən istifadə olunur. Laboratoriya analizi vasitəsilə insanlarda qanın, ağız suyunun, həzm şirələrinin, sidiyin və s. tərkibi öyrənilir. orqanların vəziyyəti haqqında mülahizələr söylənilir. Hər bir insan öz orqanizminin quruluşunu, funksiyasını bilməlidir. Bizim sağlamlığımız gigiyena qaydalarına əməl etməyimizdən çox asılıdır. Bu qaydalara riayət etdikdə biz sağlam, gümrah olur, hər işin öhdəsindən gələ bilirik. Gigiyenanın bu sahədə rolu böyükdür.