Şəkillərə əsasən insan orqanizmi haqqında hansı məlumatları almaq olar?
İnsan orqanizmini öyrənmək üçün daha hansı metodlardan istifadə edilir?
Şəkildə göstərilənlərin hansı elm sahəsinin tədqiqat metodu olduğunu araşdırın. Müzakirə aparıb qısa şərh verin.
İnsan milyon illərlə davam edən təkamül prosesində formalaşmış, öz şüurunun inkişafı və yaratdığı əmək alətləri ilə heyvanlar aləmindən ayrılaraq ictimai varlığa çevrilmişdir. İnsan tarixi inkişaf prosesində bir sıra özünəməxsus uyğunlaşmalar qazanmışdır.
İnsan bədəni də, əksər çoxhüceyrəli canlılarda olduğu kimi, külli miqdarda müxtəlif hüceyrələrdən və hüceyrəarası maddələrdən qurulmuşdur.
Elmin inkişafı təbiətin əvvəllər məlum olmayan sirlərini açmağa, insan orqanizmində gedən gizli proseslərə müdaxilə etməyə imkan verir.
Bu elmlərdən bir qrupu yalnız insan orqanizmini və onunla əlaqədar olan prosesləri öyrənməyə xidmət edir.
İnsan anatomiyası (yunanca "anatemno" - yarmaq) - orqanların forma və quruluşunu, sistemini və ümumilikdə orqanizmi öyrənir.
İnsan fiziologiyası (yunanca "physis" - təbiət, "loqos" - elm) - hüceyrə, toxuma, orqan və orqanizmlərin yerinə yetirdiyi funksiyaları öyrənir.
Gigiyena (yunanca "higienos" - sağlam) - insan sağlamlığını qorumağı, əmək və istirahətin düzgün təşkilini öyrənir.
Psixologiya (yunanca "psyche" - ruh) - hər bir şəxsin fərdi xüsusiyyətlərini və psixi proseslərin ümumi qanunauyğunluqlarını öyrənir.