Bu tələbat canlılardakı reflekslər* nəticəsində bu və ya digər dərəcədə ödənilir. Alimlər müəyyən ediblər ki, insan və heyvanlarda əmələ gələn reflekslərin yaranması, formalaşması ümumi qanunauyğunluqlara əsaslanır. Lakin bu qanunauyğunluqlarda fərqlər də mövcuddur. Bu da canlıların sinir sisteminin inkişaf səviyyəsindən asılıdır. Sinir sistemi inkişaf etdikcə davranışlar da mürəkkəbləşir. Məsələn, balıqlar həyat tərzi ilə bağlı çoxalma, qidalanma və qışlama miqrasiyaları (yerdəyişmə) edir. Çoxalma prosesində onların bəzi növlərində nəsil qayğısına qalma kimi güclü instinkt formalaşmışdır.
Qışlamaq üçün isti ölkələrə uçub gedən quşlar yazda geri qayıdır, əvvəlcə yuva qurur, sonra yumurtlayır və kürt yatır. Onlar yumurtadan çıxan aciz balaları uzun müddət qidalandırır. Bəzi quşlar balanı qidalandırmaq üçün gün ərzində dəfələrlə yuvadan uçur, onu soyuqdan, istidən və düşmənlərdən qoruyur. Zərurət yarandıqda aldadıcı manevrlər edir. Bütün bunlar bir çox ardıcıl reflekslərin təzahürüdür. Heyvanların mürəkkəb davranışlarında təzahür edən bu cür reflekslər ardıcıllığına instinkt deyilir.
Məməli heyvanlarda instinktlə bərabər daha mürəkkəb hərəkət və davranışlar müşahidə olunur.
Bu heyvanların bəzilərində ətraf mühitdəki əşya və hadisələr arasında olan əlaqələri duymaq və ondan istifadə etmək qabiliyyəti var. Bu, düşüncəli fəaliyyət adlanır.
Alimlər müxtəlif təcrübə və müşahidələr nəticəsində heyvanlarda mövcud olan düşüncəli fəaliyyəti öyrənirlər.
Meymun yuxarıdan asılmış bananı götürmək üçün yeşiklərdən necə istifadə edə bilər? Fikrinizi əsaslandırın.