Bal arıları cəmiyyət halında yaşayır. Bu zəhmətkeş həşəratların ailəsində bir ana, yüzlərlə erkək, minlərlə çoxalma qabiliyyətini itirmiş dişi işçi arı var. Ana arı və erkək arılar yalnız çoxalmada iştirak edir. İşçi arılar isə pətəyin bütün işlərini (şan qurmaq, nektar və tozcuq toplamaq, sürfələri qidalandırmaq, pətəyin zədələnmiş yerlərini mumla bərpa etmək və s.) görür. Bundan başqa, arılarda beçəvermə, xəbərdarlıq rəqsləri və s. kimi mürəkkəb davranışlara da rast gəlinir.
Arılarda əmək bölgüsünün mövcudluğunu, digər mürəkkəb hərəkətlərin icrasını necə adlandırmaq olar?
Heyvanlarda hansı mürəkkəb davranışlara təsadüf olunur?